heqiqetcarcisi.az
http://heqiqetcarcisi.az

QƏHRƏMAN TƏRTƏR RAYONU İKİNCİ DÜŞMƏNLƏ – KORONAVİRUS İNFEKSİYASİ İLƏ MÜBARİZƏDƏ DƏ QALİB ÇIXACAQ

2-05-2020, 13:52 401 dəfə baxılıb


background



Bildiyimiz kimi, hazırda bütün bəşəriyyəti, eləcə də xalqımızı qayğılandıran bir nömrəli problem koronovirus xəstəliyinin yayılması və ona qarşı aparılan mübarizə tədbirləridir. Dünyanın supergücləri hesab olunan böyük dövlətlər pandemiyanın qarşısında aciz qaldıqları indiki vaxtda şükürlər olsun ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri tədbirlər sayəsində bu xəstəliyin respublikamızda geniş yayılmasına imkan verilməmişdir. Belə bir həssas vaxtda möhtərəm Prezidentin, onun xanımının öz xalqının yanında olması, insanların qayğısı ilə yaşaması, öz vətəndaşlarına dəstək göstərməsi insanlarda yüksək əhval-ruhiyyə, gələcəyə sağlam baxış formalaşdırdı.

İnfeksiya ilə mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da lazımi tədbirlər görülür. Bəri başdan qeyd edək ki, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı aparatının əməkdaşları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşularaq bir aylıq vəzifə maaşları həcmində pul məbləğini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətində mobil qruplar yaradılmışdır. Hələ bir ay əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlar arasında təbliğat işləri aparacaq mobil qrupun üzvləri ilə görüşmüş, onlara əhalinin maarifləndirilməsi üçün öz tövsiyə və tapşırıqlarını vermişdir. Rayon rəhbəri şəhər ərazisində sakinlərin kütləvi olduğu yerlərdə, bazarda, ticarət obyektlərində, apteklərdə olmuş, sakinlərlə fərdi qaydada söhbətlər aparmış, onlara vəziyyətin ciddiliyini, evdə qalmağın, xüsusi karantin rejiminin tələblərinə tabe olmağın vacibliyini izah etmişdir.Rayon rəhbəri həmçinin, Tərtər RİH-nin saytı və digər kütləvi informasiya vasitələri ilə rayon sakinlərinə müraciət edərək,onları hamılıqla xüsusi karantin rejimi ilə bağlı tələb və qaydaları yerinə yetirməyə, gigiyena qaydalarına düzgün riayət etməyə, ailələrindəki yaşlı insanların, xroniki xəstəlikləri olanların qayğısına qalmağa, özünü təcrid rejiminə əməl etməyə çağırmışdır.

Mütəmadi olaraq Tərtər şəhərinin küçə və prospektləri, çoxmənzilli yaşayış binalarının həyətləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulur. Binaların girişləri və bloklar, dövlət idarələrinin binaları xüsusi məhsulla dezinfeksiya edilir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanda qurulmuş manitor vasitəsi ilə və yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri aparılır. Qeyd edək ki, maarifləndirici və dizinfeksiya tədbirlər  rayon icra hakimiyyəti  tərəfindən gündəlik olaraq rayonun bütün, o cümlədən, təmas xəttinə yaxın yaşayış məntəqələrində aparılır.Mobil qruplar tərəfindən Tərtər şəhərində və rayonun kəndlərində sakinlərlə söhbətlər aparır, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirirlər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.

Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə uyğun olaraq yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Tərtərdə tənha yaşayan ahıl şəxslərə yardım aksiyaları keçirilir. Cənab Müstəqim Məmmədovun özünün də yaxından iştirak etdiyi yardım aksiyalarında Tərtər Rayon İcra Hakimiyyətinin könüllü əməkdaşları tənha yaşıyan ahıl vətəndaşların evlərinə və aztəminatlı ailələrə baş çəkirlər. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına qoşulan Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər Rayon Təşkilatının təşkilatçılığı, Milli Məclisin Tərtər rayonundan seçilmiş deputatlarının, Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə xeyli sayda aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl və kimsəsiz insanlara ərzaq yardımı, gigiyenik vasitələr paylanmışdır. Bu istiqamətdə işlər davam etdirilir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə və müəssisə rəhbərlərinin iştirakı ilə ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimi ilə əlaqədar qaydaların tətbiqinə nəzarət, yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə aprelin 30-da keçirdiyi növbəti müşavirədə dünyada sürətlə yayılan koronavirus pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunub. Rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına və karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə dəstək göstərilməsinin nəzarətdə saxlanılmasına dair tələblər diqqətə çatdırılıb.

Müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu il də yüksək məhsul əldə etmək üçün barama saxlanılacaq yerlərə mütəxəssislər tərəfindən baxış keçirilməsi, lazım olan bütün tədbirlərin vaxtında görülməsi, kümçülərə lazımi köməkliyin göstərilməsi, baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün lazımi tədbirlərin görülməsi, eləcə də pambıq və digər kənd təsərrüfatı bitkilərinin səpini və becərilməsi ilə bağlı aidiyyəti şəxslərə lazimi tapşırıq və tövsiyələr verilib.

Dövlət başçısının ölkəmizdə pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin Tərtər rayonunda uğurla icra olunmasının nəticəsidir ki, Tərtər rayonunda pambıq və barama istehsalı ildən-ilə artmaqdadır.Ötən il  hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları  aprelin ortalarından çiyid səpininə başlayıblar. Bu il rayonda 1017 istehsalçı ilə 1664,3 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1120 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC ilə olmaqla, 2 min 834,3 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Səpin aparılacaq təsərrüfatların hamısında sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Səpin işlərinin mayın ortalarınadək başa çatdırılacağı planlaşdırılır. Bu günədək 1300 hektara yaxın sahədə çiyid səpilib. Qeyd edək ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub.

İndi isə keçən il Tərtər rayonunda əldə olunmuş digər nailiyyətlərin sırasına göz ataq:

2019-cu ildə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Tərtər şəhərində və kəndlərdə geniş tikinti quruculuq işləri aparılıb.

İl ərzində rayonda “Dövlət Rəmzləri” muzeyi, Olimpiya İdman Kompleksi, “Azərxalça” ASC-nin Tərtər filialı, Su-kanal idarəsinin inzibati binası tikilib. Tərtər şəhərinin Mehdi Hüseynzadə küçəsində 0.8 kilometr, Vəzir Orucov küçəsində 0.9 kilometr, Heydər Əliyev prospektində 0.2 km, Qaçay Mehtiyev küçəsində 0.4 km, Rövşən Kərimov küçəsində 0.2 km, Teymur Rəhimov küçəsində 0.7 km, Bəsti Bağırova küçəsində 0.9 km asfalt beton örtüyü salınıb. Şəhərin Vəzir Orucov və Bəsti Bağırova küçələrində istinad divarları mişar daşı ilə hörülüb, aqlay və digər bəzək daşları ilə üzlənib, yola asfalt örtüyü qoyulub, işıq, qaz, su-kanalizasiya və rabitə xətləri səliqəyə salınıb, yararsız işıq və rabitə dirəkləri yeniləri ilə əvəz edilib. Bəyimsarov, Hüsənli kənd və 1 saylı şəhər tam orta məktəblərində cari təmir işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsinin 19 kilometrində, uzunluğu 10 kilometr olan Sarov-Borsunlu kəndlərarası avtomobil yolunda və uzunluğu 5 kilometr olan Hacıqərvənd kəndarası avtomobil yolunda əsaslı təmir işləri aparılıb, Hüsənli kəndində 2.5 km kəndarası yollara asfalt beton örtüyü salınıb. 2019-cu ildə rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 2738.1 min manatlıq cari və saxlanma işləri görülübdür. Çaylı-Talış avtomobil yolunda 4 km və İsmayılbəyli-Evoğlu avtomobil yolunda 7.5 km çınqıl örtüklə cari təmir edilib. Hazırda Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolunun yenidən qurulması üçün hazırlıq işləri görülür.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir. Tikintisi 2018-ci ildən başlayan Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərində son tamamlama işləri aparılır.

Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 2019-cu ildə 11 nəfərə fərdi ev tikilib, 2 mənzil istifadəyə verilib, 9 mənzilin istifadəyə verilməsi üçün isə hazırlıq işləri görülür. 2020-ci ildə daha 30 fərdi evin tikintisi nəzərdə tutulub. Keçən il 8 nəfər Qarabağ müharibəsi əlili minik maşını ilə təmin olunubdur.

İl ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zoladlarında 80550-dən çox müxtəlif növ ağaclar, 5 min gül və 750 min ədəd həmişəyaşıl kolları əkilmişdir.

2019-cu ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 161 milyon 52,7 min manat olub. Dövr ərzində kənd təsərrüfatı məhsulunun həcmi 7.5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 14.6 faiz, nəqliyyat xidmətlərinin həcmi 3.9 faiz artıb.

Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 21 milyon 942.7 min manat təşkil edib ki, onun 20 milyon 21 min manatı və ya 91.2 faizi  tikinti-quraşdırma işlərinə yönəldilmişdir. İl ərzində 4971.1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Əsas kapitala yönəldilən investisiyaların 1 milyon 582 min manatı bilavasitə rayonun öz yerli sahibkarları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilibdir.

Keçən il rayonda 907-si daimi olmaqla 1796 yeni iş yerləri açılıbdır.

Respublika Prezident cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlar üçün yerlərdə şərait yaradılması barədə tapşırıqları Tərtər rayonunda da diqqət mərkəzində saxlanılır. Rayonda sahibkarlara verilən güzəştli kreditlərin məbləği, eləcə də kənd təsərrüfatı, ticarət və xidmət sahələrinə yönəldilən investisiyanın həcmi ildən ilə artır. Sahibkarlara Kömək Milli Fondu tərəfindən 2019-cu ildə rayonda kənd təsərrüfatı ilə məşğul olan 17 sahibkara 1 milyon 912 min manat güzəştli kreditlər verilibdir. Bu layihələrlə əlaqədar 37 yeni iş yeri açılacaqdır.

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də rayon icra hakimiyyətində sahibkarlarla görüşlər keçirilib, onları narahat edən problemlər öyrənilib, fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə iş adamlarına lazımi köməklik göstərilib və lazımi tövsiyələr verilibdir.

Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 2018-ci ildə qazılmış 13 ədəd subartezian quyusu 2019-cu ildə istismara verilib, 13 yeni subartezian quyusu qazılıb.

Rayon üzrə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2018-ci ilə nisbətən 2.8 faiz artaraq 26853.3 hektar olubdur. 29481.9 ton buğda, 12870.4 ton  arpa, 6584 ton günəbaxan, 4515.1 ton kartof, 15741 ton tərəvəz, 1062.9  ton qarğıdalı və digər məhsular istehsal olunub. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 41.6 sentner, arpa üzrə 33.7 sentner olubdur.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Tərtər rayonunda pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Keçən il rayonda 3427,2 hektar sahədə pambıq becərilib, 11936,2 ton məhsul istehsal edilibdir.  Məhsuldarlıq hər hektardan orta hesabla 34,8 sentnerə çatıbdır.

Pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək işlərlə bağlı keçirilən müşavirədə ölkə başçısı cənab İlham Əliyev pambıqçılarımızın əldə etdikləri yüksək nailiyyətləri qeyd edərək demişdir: “Mən bir daha demək istəyirəm ki, Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur... Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir”.

İpəkqurdunun yem bazasını təmin etmək üçün 2019-cu ildə Çindən gətirilimiş 30 min və 10400 ədəd yerli yeni çəkil tingi əkilib. Rayon kümçüləri tərəfindən 18 min 300 kiloqram barama istehsal edilib.

Rayonun kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə, pambıq, şəkər çuğunduru, barama istehsalına, saxladıqları arı ailələrinə və süni mayalanma yolu ilə doğulan buzova görə ümumilikdə dövlət büdcəsi vəsaiti hesabına 2 milyon 748,8  min manat subsidiya verilib.

Heyvandarlığın inkişafı da diqqət mərkəzində saxlanılıb. 2019-cu ildə rayonda diri çəkidə 3110.8 ton ət, 22 min 440.9 ton süd, istehsal edilib və 106.5 ton yun qırxılıb.

***

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının məqsədyönlü və ardıcıl siyasəti, habelə Tərtərə olan diqqət və qayğısı nəticəsində şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində inkişaf müşahidə olunur. 2019-cu ildə də bir sıra yüksək statistik göstəricilər əldə olunub.  Bu inkişaf dinamikasının 2020-ci ildə də qorunub saxlanılması əsas hədəflərdəndir.

Şübhəsiz, Azərbaycan xalqı, o cümlədən, müharibənin aörı-acısını görmüş, düşmənlə üz-üzə yaşayıb işləyən, vuruşan, düşmənə bir qarış da torpaq verməyən tərətərlilər koronovirus təhlükəsinə qarşı effektiv mübarizə tədbirləri sayəsində bu ümumbəşəri bəladan qoruna biləcək, ölkəmizin inkişafına yönəlik islahatların gerçəkləşməsinə verdikləri töhfələrin sırasını 2020-ci ilin qalan yarısında da artıra biləcəklər. Rayonun tərəqqipərvər qüvvələrinin səfərbər olunub inkişafa yönəldilməsi yolunda başda cənab Müstəqim Məmmədov olmaqla Tərtər rayon rəhbərliyinə uğurlar arzulayırıq.

Habil Tağıyev


















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930